Çinin paytaxtı Pekində yüngülmühərrikli təyyarənin şəhərin ən hündür binası olan “CITIC Tower” göydələninə çırpılması ilə bağlı hadisə baş verib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, qəza nəticəsində təyyarənin qalıqları binanın şərq tərəfində yerləşən giriş hissəsinin yaxınlığına düşüb. Hadisə yerinə operativ şəkildə fövqəladə hallar və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
528 metr hündürlüyə malik olan “CITIC Tower” (China Zun) Pekinin ən hündür binası hesab edilir. İlkin məlumatlara əsasən, insident zamanı göydələnə ciddi ziyan dəyməyib.
Hadisənin başvermə səbəbi, eləcə də mümkün ölən və yaralananlarla bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.
