Azərbaycan Hava Yollarının 6 iyul tarixinə planlaşdırılan bir sıra Bakı-Naxçıvan reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
İlkinxeber.az İnformasiya Agentliyi xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, bölgədə müşahidə olunan ildırım aktivliyi səbəbindən bəzi reyslərin icrasında gecikmələr yaranıb. Hava şəraiti sabitləşdikdən sonra uçuşların yerinə yetirilməsi davam etdiriləcək.
Sərnişinlər mümkün dəyişikliklərlə bağlı əlavə məlumatlandırılacaqlar.
AZAL qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi bölgədəki meteoroloji şəraitin uçuş əməliyyatlarına birbaşa təsir göstərməsinə səbəb olur. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risk yarada bilər.
Məlumatda vurğulanıb ki, hava şəraiti ilə əlaqədar reyslərin təxirə salınması və ya ləğvi barədə qərar yalnız sərnişinlərin hava limanında müşahidə etdiyi hava şəraitinə əsasən qəbul edilmir. Aviasiyada qərarlar uçuş marşrutu boyunca, həmçinin qalxma və enmə hava limanlarında mövcud olan və proqnozlaşdırılan meteoroloji göstəricilər nəzərə alınmaqla verilir.
İldırım aktivliyi, güclü külək, şaquli hava axınları, intensiv yağıntı, aşağı görünmə məsafəsi və tufan buludları yer səviyyəsindən hər zaman aydın görünməsə də, uçuş təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Bu səbəbdən ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun qərarlar qəbul edir.
