Sosial şəbəkələrdə son günlər Şıxov çimərliyində dənizin içərisinə iri diametrli boru vasitəsilə çirkab suya bənzər maddənin axıdılmasını əks etdirən görüntülər yenidən yayılıb.
İlkinxeber.az İnformasiya Agentliyi məlumat verir ki, sözügedən görüntülər bir neçə ay əvvəl də media və sosial şəbəkələrdə gündəmə gəlmişdi. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti araşdırma apararaq rəsmi açıqlama vermişdi.
Araşdırma çərçivəsində Səbail rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Şıxov çimərliyinə və yaxın ərazilərə baxış keçirilib. Məlum olub ki, ərazidə gəmilərin limana təhlükəsiz yanalmasını təmin etmək məqsədilə dibdərinləşdirmə işləri aparılır.
Bildirilib ki, xüsusi təyinatlı gəmilər vasitəsilə dənizin dibindən çıxarılan qum və çöküntülərlə qarışmış su boru xətti ilə sahilə ötürülür.
Nəticədə sosial şəbəkələrdə və bəzi media resurslarında çirkab su kimi təqdim olunan axıntının əslində çirkab su olmadığı, dibdərinləşdirmə işləri zamanı yaranan qumla qarışıq dəniz suyundan ibarət olduğu müəyyən edilib.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti vətəndaşları yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etməyə çağırıb.
