Sel dəmiryoluna ziyan vurdu: Qax–Balakən istiqamətində qatarlar məhdudlaşdırıldı, sərnişinlər üçün ödənişsiz avtobuslar ayrıldı
Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti və çaylardan keçən sel suları Qax–Balakən istiqamətində dəmiryol infrastrukturuna ciddi ziyan vurub.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Məlumata əsasən, təhlükəsizlik tədbirləri çərçivəsində həmin sahədə qatarların hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Eyni zamanda, bu gündən etibarən 20 iyul tarixinədək Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı dayandırılıb.
Bildirilib ki, 8–20 iyul tarixləri arasında Bakı–Balakən istiqamətində hərəkət edən qatarlar yalnız Qax stansiyasına qədər fəaliyyət göstərəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından yola düşəcək.
Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə digər stansiyalardan Qax stansiyasına və əks istiqamətə ödənişsiz avtobuslar təşkil olunacaq.
