SOCAR prezidenti Rövşən Nəcəf “Technip Energies Italy S.p.a.” şirkətinin baş icraçı direktoru Karlo Korsi ilə görüş keçirib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər arasında son illər ərzində formalaşmış uğurlu əməkdaşlıq yüksək qiymətləndirilib, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Müzakirələr çərçivəsində neft-kimya sektorunda yüksək xammal çevikliyinə malik istehsal texnologiyalarının tətbiqi, məhsuldarlığın artırılması və enerji səmərəliliyinin yüksəldilməsi ilə bağlı perspektivlər nəzərdən keçirilib.
Eyni zamanda, SOCAR-ın xarici ölkələrdə həyata keçirdiyi layihələrdə “Technip Energies Italy S.p.a.” şirkətinin iştirak imkanları, eləcə də yaşıl enerji və dekarbonizasiya sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün yekununda SOCAR ilə “Technip Energies Italy S.p.a.” arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, sənəd “Petkim Master Plan” layihəsi çərçivəsində potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsini nəzərdə tutur.
