İranın sabiq Ali Lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi Məşhəd şəhərində baş tutub.
ilkinxeber.az informasiya agentliyi xarici mətbuata istinadən xəbər verir ki, mərasim zamanı şəhərdə yaranan sıxlıq səbəbindən təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Minlərlə insanın küçələrə axışması nəticəsində cənazənin İmam Rza məqbərəsinə avtomobillə aparılması mümkün olmayıb. Bu səbəbdən tabut helikopterlə məqbərəyə çatdırılıb.
Dəfn mərasimində qılınan cənazə namazına Xameneinin böyük oğlu Mustafa Xamenei rəhbərlik edib. Diqqət çəkən məqamlardan biri isə İranın yeni Ali Lideri Müctəba Xameneinin mərasimdə görünməməsi olub.
Xameneinin vəfatı ilə əlaqədar İranın müxtəlif şəhərlərində, həmçinin İraqın müqəddəs Nəcəf və Kərbəla şəhərlərində geniş anım mərasimləri təşkil edilib. İran mediası bu tədbirlərə 40 milyondan çox insanın qatıldığını bildirib.
Xatırladaq ki, Əli Xamenei 1989-cu ildən bu ilin fevralınadək İranın Ali Lideri olub. O, fevralın 28-də Tehranda baş vermiş aviazərbələr zamanı ailə üzvləri ilə birlikdə həyatını itirib.
