UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Vestri” oyunundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşmanı dəyərləndirib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, təcrübəli mütəxəssis futbolçularını qələbə münasibətilə təbrik edib və ilk oyunun əhəmiyyətini vurğulayıb:
“Futbolçularımı təbrik edirəm. İlk oyunda qalib gəlmək vacib idi. Oyun planı ilə bağlı müəyyən narazılıqlarım var idi. İkinci hissənin ortalarında yorğunluq hiss olundu. Komandaya yeni qoşulan futbolçular var və onların adaptasiyası üçün bizə vaxt lazımdır. Cavab qarşılaşmasına da ciddi şəkildə hazırlaşmalıyıq”.
Baş məşqçi digər Azərbaycan təmsilçilərinin uğurlarını da xüsusi qeyd edib:
“‘Sabah’ və ‘Zirə’ni də qazandıqları qələbələr münasibətilə təbrik edirəm. Bu nəticələr ölkəmizin UEFA reytinqi üçün çox önəmlidir”.
Qeyd edək ki, ilk oyun “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, komandalar arasında cavab görüşü iyulun 17-də İslandiyanın paytaxtı Reykyavikdə yerləşən “Valbjarnarvöllur” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
