Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin qabaqcıl pilotsuz uçuş aparatları istehsalçısı olan “Baykar Texnologiya” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktarı Bakıda qəbul edib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, görüş zamanı tərəflər arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub. Səlcuq Bayraktar Prezident İlham Əliyevə rəhbərlik etdiyi şirkətin Azərbaycanda həyata keçirdiyi mövcud layihələr, həmçinin texnologiya və müdafiə sənayesi sahəsində görülən işlər barədə ətraflı məlumat təqdim edib.
Görüşdən sonra Səlcuq Bayraktar öz rəsmi “X” hesabında paylaşım edərək göstərilən səmimi qəbula görə təşəkkürünü bildirib. O, paylaşımında “Can Azərbaycanla birliyimiz və qardaşlığımız əbədi olsun” ifadəsini işlədib.
Bakıya səfəri çərçivəsində Səlcuq Bayraktar Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə də işgüzar görüşlər keçirib. Bu görüşlərdə pilotsuz uçuş aparatları (PUA), radioelektron mübarizə (REM) sistemləri və birgə texnoloji innovasiyaların inkişaf istiqamətləri geniş müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq son illərdə daha da güclənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
