ABŞ ilə İran arasında hərbi böhran vəziyyətlərinin idarə olunması üçün xüsusi rabitə kanalının fəaliyyət göstərdiyi iddia olunur.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına əsasən, bu barədə The Wall Street Journal Ağ Evin adının açıqlanmasını istəməyən nümayəndəsinə istinadla xəbər yayıb.
Məlumata görə, ABŞ gərginliyin azaldılması məqsədilə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) arasında böhran vəziyyətlərinin tənzimlənməsi üçün rabitə kanalının yaradılması istiqamətində addımlar atıb. Ağ Evin nümayəndəsi həmin kanalın artıq açıldığını və hər iki tərəfin ondan istifadə etdiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İsveçrədə aparılan danışıqlardan sonra Tehran və Vaşinqton arasında siyasi rabitə kanalının yaradıldığını açıqlamışdı. O, eyni zamanda, iki ölkənin hərbi qurumları arasında birbaşa rabitə kanalının olmadığını bildirmişdi.
