İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə 9 iyul 2026-cı il tarixində Mir Cəlal küçəsində, ictimaiyyət arasında “Şamaxinka” kimi tanınan ərazidə qeydə alınıb.
Belə ki, 43 yaşlı Zaur Qəhrəmanov ov tüfəngi ilə küçənin ortasında keçmiş həyat yoldaşı, 44 yaşlı Amaliya Qəhrəmanovanı güllələyərək qətlə yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Məlumata görə, cütlük bir neçə ay əvvəl rəsmi şəkildə boşanıb. Hadisənin tərəflər arasında yaranmış ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Amaliya Qəhrəmanova hadisə zamanı işlədiyi aptekin qarşısında olub. Keçmiş ərini silahla gördükdən sonra qaçaraq uzaqlaşmağa çalışsa da, kişi onu küçədə yaxalayaraq atəş açıb.
Qətli törətdikdən sonra Zaur Qəhrəmanov özünə də atəş açaraq intihara cəhd edib. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. TƏBİB-in açıqlamasına görə, şəxsdə kəllədaxili travma və göz nahiyəsinin ağır zədələnməsi qeydə alınıb, vəziyyəti ağırdır.
Hazırda o, hüquq-mühafizə orqanlarının nəzarəti altında müalicə olunur.
Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
