Pərviz Şahbazov: OPEC+ Texniki Komitəsinin ilk iclasının Bakıda keçirilməsi Azərbaycanın roluna verilən yüksək qiymətdir
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, OPEC və qeyri-OPEC ölkələri arasında Əməkdaşlıq Xartiyası çərçivəsində Texniki Komitənin ilk iclasının Bakıda keçirilməsi təsadüfi deyil.
Bu fikirləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda təşkil olunan “OPEC+” Əməkdaşlıq Xartiyasının (CoC) Texniki Komitəsinin ilk iclasında səsləndirib. Nazir bildirib ki, belə bir qərar Azərbaycanın həm tarixi, həm də müasir dövrdə qlobal enerji sektorundakı roluna verilən yüksək qiymətin göstəricisidir.
Onun sözlərinə görə, Azərbaycanın “OPEC+” çərçivəsində uzunmüddətli fəal iştirakı təşkilatla ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini sübut edir.
Pərviz Şahbazov həmçinin qeyd edib ki, OPEC-in Vyanadakı mənzil-qərargahında 1846-cı ildə Bakının Bibiheybət ərazisində qazılmış dünyanın ilk sənaye üsullu neft quyusunun təsviri nümayiş olunur. Bu fakt Azərbaycanın dünya neft sənayesinin formalaşmasındakı mühüm rolunu bir daha təsdiqləyir.
