İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Kiprdə aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünə aid, təxminən 3400 illik 9 ədəd qızıl diadem (başa taxılan bəzək əşyası) və 2 qızıl ağızlıq aşkarlanıb. Kəşf barədə ətraflı məlumat nüfuzlu Oxford Journal of Archaeology jurnalında dərc olunub.
Tapıntılar Hala Sultan Xanəgahı yaxınlığındakı qədim elit məzarlıqlarda aparılan qazıntılar zamanı üzə çıxarılıb. Araşdırmalar zamanı xüsusilə diqqət çəkən məqamlardan biri uşaq məzarında aşkarlanan diadem olub. Belə ki, 4-5 yaşlı uşağın alnında qorunub saxlanılan bu bəzək əşyası ilə yanaşı, onun 68 qızıl muncuqdan ibarət boyunbağı və sırğalarla dəfn edildiyi müəyyən edilib. Bu fakt tunc dövründə Kiprdə elit statusun irsi xarakter daşıdığını göstərir.
Ən diqqətçəkən tapıntılardan biri isə 34,2 santimetr uzunluğunda olan və üzərində 7 öküz başı, günəş diski və çiçək motivləri həkk edilmiş böyük qızıl diademdir. Mütəxəssislər bildirir ki, bu nümunədə Misir və Mikena mədəniyyətlərinin elementləri aydın şəkildə hiss olunur.
Bundan əlavə, kolleksiyanın ən ağır bəzək əşyası sayılan “dağ keçisi–pişik” motivli diademin çəkisi 23,14 qramdır. Onun üzərində qaçan dağ keçiləri və şir başları təsvir olunub.
Alimlərin qənaətinə görə, bu zərif zərgərlik nümunələri yerli ustalar tərəfindən hazırlanıb, lakin onların dizaynında Misir, Minoan, Mikena və Yaxın Şərq mədəniyyətlərinin güclü təsiri hiss olunur. Xüsusilə diademlərdə şir təsvirlərinin yer alması, həmin dövrdə Kiprin geniş ticarət və mədəni əlaqələrə malik olduğunu göstərir.
Tədqiqatçılar qeyd edirlər ki, bu cür incə və ağır diademlər gündəlik istifadə üçün deyil, əsasən dini mərasimlər və dəfn ritualları üçün hazırlanıb.
