Azərbaycanda məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli tətbiq ediləcək.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bununla bağlı Nazirlər Kabineti “Məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydaları”nı təsdiqləyib.
Yeni mexanizmə əsasən, dövlət özəl məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların təhsil haqqının 70 faizini qarşılayacaq. Dövlət dəstəyinin məbləği Bakı şəhəri üzrə aylıq 350 manata, digər şəhər və rayonlar üzrə isə 250 manata qədər müəyyən olunub. Təhsil haqqının qalan hissəsi valideynlər tərəfindən ödəniləcək.
Qaydalara görə, Elm və Təhsil Nazirliyi hər il bu istiqamətdə müsabiqə təşkil edəcək. Müsabiqədə yalnız “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq fəaliyyət göstərən və müvafiq lisenziyaya malik özəl məktəbəqədər təhsil müəssisələri iştirak edə biləcək. Qiymətləndirmə nəticəsində seçilmiş müəssisələrlə maliyyələşmə müqavilələri imzalanacaq və dövlət dəstəyi yalnız həmin müqavilələr çərçivəsində qəbul olunan uşaqlara şamil ediləcək.
Nazirlər Kabinetindən bildirilib ki, yeni modelin tətbiqi məktəbəqədər təhsilin əlçatanlığını artıracaq, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirəcək, valideynlərin seçim imkanlarını genişləndirəcək və daha çox uşağın keyfiyyətli təhsilə cəlb olunmasına şərait yaradacaq.
Elm və Təhsil Nazirliyi yaxın vaxtlarda müsabiqənin elan olunma tarixi, müraciət qaydaları və qiymətləndirmə meyarları ilə bağlı əlavə məlumat açıqlayacaq.
