Müdafiə Nazirliyinin “İstirahət evi”nin sabiq rəisi, rüşvət almaqda ittiham edilən İlham Haqverdiyevin cinayət işi üzrə qərar dəyişdirilib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakı Apellyasiya Məhkəməsində prokurorluğun təqdim etdiyi apellyasiya protestinə baxılıb və protest qismən təmin olunub.
Məhkəmənin qərarına əsasən, əvvəl təyin olunmuş cərimə cəzası ləğv edilib və İlham Haqverdiyevə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Bununla yanaşı, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, 2 il sınaq müddəti müəyyən edilib və cəza şərti hesab olunub.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin əvvəlki hökmü ilə İlham Haqverdiyevə 15 min manat məbləğində cərimə cəzası verilmiş və o, məhkəmə zalından azadlığa buraxılmışdı.
Qeyd edək ki, Müdafiə Nazirliyinin apardığı yoxlamalar nəticəsində “İstirahət evi”nin rəisi olmuş mayor İlham Haqverdiyevin qanun pozuntularına yol verdiyi müəyyən olunub. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilmiş, daha sonra məhkəmənin qərarı ilə onun barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) ilə təqsirləndirilir.
