Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşlarının sağlamlığının mühafizəsi və tibbi təminatı Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, SOMDA hər il tibbi təminatla bağlı ehtiyaclarını DİN ilə birgə müzakirə edərək müvafiq təkliflər hazırlayacaq. Razılaşdırılmış layihə əsasında Maliyyə Nazirliyi növbəti illərin dövlət büdcəsinin hazırlanması zamanı tələb olunan vəsaiti DİN-in saxlanılması xərclərinin tərkibində nəzərdə tutacaq.
Yeni qaydaya əsasən, SOMDA-nın əməkdaşlarına, o cümlədən pensiyaya çıxmış əməkdaşlara və onların ailə üzvlərinə tibbi xidmətlərin göstərilməsini DİN həyata keçirəcək.
Bu xidmətlərə xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, həmçinin tibbi reabilitasiya və sağlamlaşdırma daxildir.
Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
