Bakı şəhərində yetkinlik yaşına çatmayan qızı qaçırmaqda təqsirləndirilən Kərim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmə hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilib və hökm elan olunub. Qərara əsasən, Kərim Kərimov 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, 1997-ci il təvəllüdlü Kərim Kərimov 14 yaşı tamam olmuş, lakin 16 yaşı tamam olmayan, 2010-cu il təvəllüdlü S.S.-ni qaçırıb.
Hadisənin 2026-cı il yanvarın 31-də saat 09:00 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində baş verdiyi bildirilir. Kərim Kərimov “Snapchat” sosial şəbəkəsi vasitəsilə tanış olduğu S.S.-ni qızın istəyi ilə götürərək əmisinin evinə aparıb.
Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində bildirib ki, S.S. barədə valideynlərinə məlumat verib. Onun sözlərinə görə, valideynləri bu münasibətə razı olmayıb və ilk nikahından boşanmadığını xatırladıblar. Kərim Kərimov daha sonra S.S.-nin anasının xahişi ilə qızı evlərinə qaytardığını deyib.
Zərərçəkmiş S.S. isə məhkəmədə Kərim Kərimovla 2025-ci il dekabrın 12-də sosial şəbəkə vasitəsilə tanış olduğunu bildirib.
Onun sözlərinə görə, Kərim Kərimov əvvəlcə özünü subay kimi təqdim edib. Daha sonra isə evli olduğunu və boşanmaq üzrə olduğunu deyib. S.S. onun evli olduğunu öyrəndikdən sonra münasibəti bitirmək istədiyini, lakin Kərim Kərimovun ondan ayrılmamasını və yaxşı həyat yaşadacağını dediyini bildirib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, məhkəmənin hökmü ilə Kərim Kərimov 2 il müddətinə azadlıqdan məhrum edilib.
