Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı xəsarət alanlar var.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Belə ki, 160 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus dayanacaqda sərnişin mindirib-düşürən zaman arxadan yüksək sürətlə gələn digər avtobus ona çırpılıb. Bildirilir ki, qəzaya səbəb olan nəqliyyat vasitəsi qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.
Hadisə nəticəsində ümumilikdə 20-dən çox şəxs xəsarət alıb. Yaralılardan 13 nəfər Sabunçu Tibb Mərkəzinə, 9 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlara müxtəlif dərəcəli bədən xəsarətləri və travmalar diaqnozu qoyulub.
Məlumata görə, zərərçəkənlərdən bir nəfərin vəziyyəti orta-ağırdır və reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Digər şəxslərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir və bir qismi ambulator müalicə üçün evə buraxılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
