İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl-Səudun uzaq qohumlarından biri olan şahzadə ötən ilin noyabr ayında Londonda yerləşən elit hotellərdən birində ölü aşkarlanıb. Hadisə ilə bağlı məlumat isə yalnız indi ictimaiyyətə açıqlanıb.
Bildirilib ki, 29 yaşlı şahzadənin meyiti paytaxtın Kensinqton rayonunda yerləşən “Marriott” hotelinin lüks nömrəsinin hamam otağında xadimə tərəfindən tapılıb. İlkin ehtimallara görə, ölüm səbəbi spirtli içki ilə yanaşı narkotik maddələrin həddindən artıq qəbulu olub.
Məlumata əsasən, mərhumun qan analizləri zamanı yüksək miqdarda spirt və narkotik maddələr aşkarlanıb. Aparılan məhkəmə araşdırması nəticəsində onun asılılıqdan əziyyət çəkdiyi də üzə çıxıb. Qeyd olunur ki, şahzadə ölümündən təxminən üç ay əvvəl Londonda yerləşən nüfuzlu klinikalardan birində müalicə alıb.
Meyitin yarılması nəticəsində isə onun ölümünün eyni vaxtda narkotik və spirtli içki qəbulunun yaratdığı ürək çatışmazlığı səbəbindən baş verdiyi müəyyən edilib.
Həyatını itirən şəxsin Abdulla bin Fəhad bin Abdulla bin Əbdüləziz bin Cəlavi əl-Səud olduğu bildirilib.
