İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, “Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesablarına 140 313,06 ABŞ dolları məbləğində həbs qoyulub.
Məlumata görə, Bakı Kommersiya Məhkəməsi “Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbiri ilə bağlı müraciətini qismən təmin edib.
İş materiallarında bildirilir ki, 2021-ci ildə “Space TV”yə “Xalq Bank” tərəfindən illik 5 faiz olmaqla, 60 ay müddətinə 235 min ABŞ dolları kredit xətti açılıb. Lakin şirkətin öhdəlikləri vaxtında yerinə yetirməməsi nəticəsində 118 380,87 dollar əsas borc, 9 901,62 dollar faiz və 12 030,57 dollar cərimə olmaqla ümumilikdə 140 313,06 dollar borc yaranıb.
Bank məhkəməyə müraciət edərək, gələcək qərarın icrasını təmin etmək üçün şirkətin hesablarına həbs qoyulmasını tələb edib.
Məhkəmənin qərarına əsasən, “Space TV”nin “Xalq Bank” istisna olmaqla, ölkə üzrə digər banklardakı hesablarına qeyd olunan məbləğdə həbs tətbiq olunub.
Qeyd edilib ki, bu məhdudiyyət əməkhaqqı ödənişlərinə, həmçinin vergi və digər zəruri dövlət ödənişlərinə təsir göstərmir.
