ABŞ administrasiyası İsraildən Qəzza zolağı, Suriya və Livandakı hərbi mövqelərini mərhələli şəkildə azaltmağı tələb edib.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, bu barədə İsrailin “13-cü kanal”ı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, məsələ ilə bağlı Baş nazir Benyamin Netanyahu Nazirlər Kabinetini məlumatlandırıb. Vaşinqtonun İsrail Müdafiə Qüvvələrinin hər üç istiqamətdən mərhələli şəkildə geri çəkilməsində maraqlı olduğu qeyd edilsə də, qoşunların tamamilə, yoxsa qismən çıxarılmasının nəzərdə tutulduğu dəqiqləşdirilməyib.
Məlumata əsasən, Netanyahu ABŞ-nin bu tələbinə razılaşmaq niyyətində olmadığını bildirib. O, Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində “Mən onlara yox deyəcəyəm” ifadəsini işlədərək mövqeyini açıq şəkildə ortaya qoyub.
Qeyd edək ki, Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iyulun 27-də Vaşinqtona səfər edəcək. Onun iyulun 28-də Ağ Evdə Donald Trampla görüşü planlaşdırılır.
