Ali təhsil müəssisələrinə qəbul üzrə keçid ballarında ciddi dəyişiklik gözlənilmir.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov bu barədə “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, xüsusilə IV ixtisas qrupunda, əsasən tibb sahəsini seçən abituriyentlər arasında rəqabət daha yüksək olacaq. Bu istiqamətdə 600 və daha yuxarı bal toplayan abituriyentlər arasında ciddi müsabiqə gözlənilir. Digər ixtisas qruplarında isə vəziyyət nisbətən fərqli olaraq qiymətləndirilir.
Vəfadar Misirov qeyd edib ki, plan yerləri və keçid balları baxımından ötən illə müqayisədə ciddi dəyişiklik proqnozlaşdırılmır. Yalnız bəzi ixtisaslar üzrə kiçik artım və ya azalma ehtimalı mümkündür.
O, həmçinin bildirib ki, sərgi çərçivəsində abituriyentlər üçün psixoloji testlər də təşkil olunacaq. Adətən ödənişli olan bu xidmət sərginin keçirildiyi üç gün ərzində ödənişsiz təqdim ediləcək. Bundan əlavə, psixoloqlar abituriyentlərlə fərdi görüşlər keçirərək onlara ixtisas seçimi ilə bağlı dəstək və məsləhətlər verəcəklər.
