Sabunçu rayonunda yerləşən 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, qərar Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda qəbul olunub.
Hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə kollegiyası bildirib ki, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Səbuhi Əliyev dəymiş ziyanı ödəmədiyi üçün onun barəsində qətimkan tədbirinin dəyişdirilməsi zəruri hesab edilib. Qərara əsasən, o, məhkəmə zalında qandallanaraq təcridxanaya göndərilib.
İş üzrə növbəti əsas məhkəmə iclası avqustun 6-na təyin olunub.
Qeyd edək ki, Səbuhi Əliyev Ədliyyə Nazirliyinin müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə ilk məlumat da yerli mediada yayılıb.
44 yaşlı hüquqşünas alim olan S. Əliyev 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Ona qarşı irəli sürülən ittihamlar məhkəmədə təsdiqini tapacağı təqdirdə, 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
