Hər gün minlərlə insan avtobuslardan, metrodan və digər ictimai nəqliyyat vasitələrindən istifadə edir. Bu məkanlar təkcə bir ünvandan digərinə getmək üçün deyil, həm də insanların bir-birinə münasibətini göstərən ictimai mühitdir.
İctimai nəqliyyatda mədəni davranış hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir. Yaşlılara, əlilliyi olan şəxslərə, hamilə qadınlara və azyaşlı uşağı olan analara yer vermək, yüksək səslə danışmamaq, ətrafdakı insanları narahat etməmək, növbə qaydalarına riayət etmək və təmizliyə diqqət göstərmək cəmiyyətin mədəni səviyyəsini əks etdirən əsas davranış nümunələrindəndir.
ilkinxeber.az informasiya agentliyinin hazırladığı bu mesajın məqsədi ictimai nəqliyyatda qarşılıqlı hörmət və məsuliyyət hissinin daha da güclənməsinə diqqət çəkməkdir.
Unutmamalıyıq ki, hər birimizin davranışı ümumi cəmiyyətin simasını formalaşdırır. Hörmət göstərmək, anlayışla yanaşmaq və başqalarının rahatlığını düşünmək sağlam ictimai münasibətlərin əsas şərtidir.
Mədəniyyət yalnız böyük tədbirlərdə deyil, gündəlik həyatda, ən adi davranışlarımızda özünü göstərir. İctimai nəqliyyatda nümayiş etdirdiyimiz münasibət gələcək nəsillər üçün də nümunəyə çevrilir.
Gəlin, ictimai nəqliyyatdan istifadə edərkən tələsməyi deyil, qarşılıqlı hörməti seçək. Çünki mədəni cəmiyyət kiçik davranışlardan başlayır.
