İsraildə terrorçuların saxlanıldığı cəzaçəkmə müəssisələrinin mühafizəsində timsahlardan istifadə olunması ideyası məhkəmə qərarı ilə dayandırılıb.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, Yerusəlim Dairə Məhkəməsi bu təşəbbüsün icrasına qadağa qoyub. Qərar heyvan hüquqlarını müdafiə edən təşkilatın iddiasına baxıldıqdan sonra qəbul edilib.
İddiaya əsasən, “Ktsiot” həbsxanasının ətrafında timsahların yerləşdirilməsi üçün hazırlıq işləri görülüb, hətta bununla bağlı xüsusi xəndəklərin qazılmasına başlanıldığı bildirilib. Hüquq müdafiəçiləri hesab edirlər ki, belə bir addım həm qanunvericiliyin tələblərinə uyğun deyil, həm də insanlar, heyvanlar və ətraf mühit üçün ciddi təhlükələr yarada bilər.
Məsələ ilə bağlı İsrail hökuməti hələ rəsmi mövqe açıqlamayıb. Lakin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir məhkəmənin qərarını kəskin tənqid edərək hakimləri terrorçuların maraqlarını müdafiə etməkdə ittiham edib.
Qeyd edək ki, layihənin ilk mərhələdə “Ktsiot” həbsxanasında sınaqdan keçirilməsi planlaşdırılırdı. Ancaq İsrailin Təbiət və Parklar İdarəsi vəhşi heyvanların bu məqsədlə istifadəsinin qanunvericiliyə zidd olduğunu bildirərək təşəbbüsə etiraz edib. Sonradan ətraf mühitin mühafizəsi naziri İdit Silman Nil timsahlarının hüquqi statusu ilə bağlı ayrıca qərar qəbul etsə də, məhkəmənin son qərarı layihənin həyata keçirilməsini dayandırıb.
