Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən və sızma qeydə alınmış hissəsində yerləşən bənd artıq bərpa olunub, təmir işləri tam şəkildə yekunlaşdırılıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, görülən operativ tədbirlər nəticəsində Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarına suyun verilişi bərpa edilib. Hacıqabul, Ağsu, Kürdəmir və Şamaxı rayonlarında isə su təchizatının sabah axşam saatlarınadək tam şəkildə təmin olunacağı bildirilir. Ümumilikdə bütün ərazilərə suyun tam həcmdə verilməsi 7 avqust səhər saatlarından etibarən həyata keçiriləcək.
Qeyd edək ki, hadisə baş verən andan dərhal sonra əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub, təmir-bərpa işlərinə operativ şəkildə start verilib. Görülən çevik və koordinasiyalı tədbirlər nəticəsində bənd qısa müddət ərzində bərpa olunub və su axını normallaşdırılıb.
