İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı TIR sürücüsü günlərdir gömrük məntəqələrində saxlanıldıqlarını bildirir.
Sürücülərin sözlərinə görə, əsasən “Sarp” və “Qırmızı Körpü” sərhəd-keçid məntəqələrində, eləcə də Tbilisidə yerləşən Gömrük Rəsmiləşdirilməsi Mərkəzində uzun müddət gözləməli olurlar. Onlar saxlanılmanın səbəbi barədə rəsmi izahat verilmədiyini qeyd edirlər.
Bəzi sürücülər 15-45 günədək Gürcüstanda qaldıqlarını, sənədlərinin götürüldüyünü və yalnız “gözləyin” cavabı aldıqlarını deyirlər. Eyni zamanda bildirirlər ki, bəzi hallarda əlavə icazə sənədləri və onların gürcü dilinə tərcüməsi tələb olunur.
Yük sahibləri isə qeyd edirlər ki, həmin sənədlərlə əvvəllər tranzit daşımalar problemsiz həyata keçirilib və mövcud vəziyyətin bürokratik anlaşılmazlıqdan qaynaqlandığı ehtimal olunur.
Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyi hadisəni nəzarətə götürdüyünü və Gürcüstan Xarici İşlər Nazirliyinə sorğu göndərildiyini açıqlayıb. Hazırda məsələ araşdırılır.
