Bakıda əcnəbi vətəndaşın ölümü ilə nəticələnən qanlı hadisənin təfərrüatları açıqlanıb
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Mərakeş Krallığının vətəndaşının qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərdən H.M. özünü qismən təqsirli bildiyini, N.R. isə ittihamı qəbul etmədiyini bildirib.
Məhkəmədə H.M. hadisənin başvermə şəraitindən danışaraq bildirib ki, həmin gecə dostu N.R. ilə “Sahil bağı”nda görüşüb. Onun sözlərinə görə, parkda iki əcnəbi vətəndaşla mübahisə edən dostlarının yanına yaxınlaşıblar.
H.M. iddia edib ki, əcnəbilərdən biri onların üstünə gəlib və əlində dəmir əşya olub. O, özünü və dostunu müdafiə etmək məqsədilə cibindəki bıçağı çıxardığını, qarşı tərəfə xəsarət yetirdiyini düşündüyünü, lakin zərbənin ölümə səbəb olduğunu sonradan polis bölməsində öyrəndiyini söyləyib.
Təqsirləndirilən şəxs ittiham aktında hadisənin siqaret üstündə baş verdiyi barədə qeyd olunanlarla da razılaşmadığını bildirib.
Qeyd edək ki, hadisə 27 noyabr 2025-ci ildə Səbail rayonunda yerləşən “Sahil bağı” ərazisində baş verib.
İttihama əsasən, yetkinlik yaşına çatmayan H.M. və onun tanışı N.R. Mərakeş vətəndaşları Tiflaoui İmad və Saber Elhoumani Ben İbrahimlə mübahisə edib. Mübahisə zamanı tərəflər arasında fiziki qarşıdurma yaranıb. Daha sonra N.R.-nin bıçaqla Tiflaoui İmada xəsarət yetirdiyi, onun hadisə yerindən uzaqlaşarkən yerə yıxıldığı və aldığı xəsarətlər nəticəsində həyatını itirdiyi bildirilir.
H.M. və N.R. Cinayət Məcəlləsinin adam öldürmə, xuliqanlıq və qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə ilə bağlı maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunublar. Barələrində həbs qətimkan tədbiri seçilib.
Növbəti məhkəmə prosesi 15 oktyabr saat 16:00-a təyin edilib.
