İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Türkiyənin Adana şəhərində Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları Furkan Vəqfinə qarşı əməliyyat keçirib.
Səhər saatlarında baş tutan əməliyyat zamanı vəqfin təsisçisi Alparslan Kuytulun yaşadığı ünvanda axtarış aparılıb. Əraziyə çox sayda polis əməkdaşı cəlb edilib.
Əməliyyat nəticəsində Alparslan Kuytul, həyat yoldaşı Semra Kuytul və vəqfin bir sıra üzvləri saxlanılıb. Saxlanılan şəxslər təhlükəsizlik tədbirləri görülməklə əvvəlcə sağlamlıq müayinəsindən keçirilmək üçün Adana Məhkəmə Tibbi Qurumuna, daha sonra isə polis bölməsinə aparılıblar.
Qeyd edək ki, Furkan Vəqfi Alparslan Kuytulun rəhbərliyi ilə Adanada fəaliyyət göstərən diniyönümlü təşkilatdır. Vəqf dini təhsil və İslam mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərdiyini bildirir. Təşkilatın fəaliyyəti və rəhbərliyinin açıqlamaları daha əvvəl də Türkiyədə hüquqi proseslər və ictimai müzakirələrlə gündəmə gəlib.
