Məktəbli formalarının əldə edilməsi zamanı valideynlər seçimlərini sərbəst şəkildə həyata keçirə bilərlər. Valideynlərin məqsədli şəkildə hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, valideynlər məktəbli formaları ilə bağlı ətraflı məlumatı övladlarının təhsil aldığı məktəbdən, həmçinin yerli təhsili idarəetmə bölmələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər.
Qeyd olunub ki, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrində dörd növ geyim formasından biri tətbiq edilir.
Məlumata görə, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası məktəbli formasının seçilməsi ilə bağlı müvafiq qərar qəbul edib. Müəyyən edilmiş vahid geyim forması isə ən azı üç tədris ili ərzində dəyişdirilmədən tətbiq olunur.
