İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüş zamanı Polşanın ictimai yayım qurumu TVP World-un 26 avqust 2026-cı ildə yayımladığı “Eastern Express” verilişində Azərbaycanla bağlı səsləndirilən fikirlərə görə etiraz bildirilib.
Azərbaycan XİN qeyd edib ki, verilişdə Azərbaycan dövlətinə və ölkə rəhbərliyinə qarşı qərəzli və qeyri-obyektiv, qəbuledilməz iddialara yer verilib. Həmçinin aparıcının təxribat xarakterli davranışı ilə bağlı Polşa tərəfinə etiraz notası təqdim olunub.
Nazirlik Azərbaycan-Ermənistan arasında sülh və normallaşma prosesinin davam etdiyi bir vaxtda həqiqəti təhrif edən məlumatların yayılmasının narahatlıq doğurduğunu vurğulayıb.
Polşa hökuməti tərəfindən maliyyələşdirilən ictimai yayım qurumunda Azərbaycana qarşı bu məzmunun yayımlanması iki ölkə arasındakı tərəfdaşlıq münasibətlərinə zidd addım kimi qiymətləndirilib.
Polşa tərəfi Azərbaycana qarşı bu cür təxribat xarakterli kampaniyaların dayandırılması üçün təxirəsalınmaz və təsirli tədbirlər görməyə çağırılıb.
