2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594 manata yüksəlib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında məlumat paylaşıb.
Deputatın sözlərinə görə, hazırda orta pensiya məbləği orta aylıq əmək haqqının 51 faizini təşkil edir. İlin ilk yarısında yaşa görə pensiyaların orta məbləği 10,2 faiz, əlilliyə görə pensiyalar 10,5 faiz, ailə başçısını itirməyə görə pensiyalar isə 10,3 faiz artıb.
Pensiyaların orta məbləğindəki yüksəliş əsasən 2026-cı ilin yanvarından bütün növ əmək pensiyalarının 9,3 faiz indeksləşdirilərək artırılması ilə əlaqələndirilir.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyalarının növbəti indeksləşdirilməsi gələn ilin yanvar ayında həyata keçiriləcək. Artım 2026-cı il üzrə orta aylıq əmək haqqının rəsmi artım göstəricisinə uyğun müəyyənləşdiriləcək.
Məlumata əsasən, növbəti pensiya artımının təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcəyi bildirilir.
