TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan həkim və tibb işçilərinin əməkhaqlarının artırılması ilə yanaşı, ödəniş sistemində yeni yanaşmalar tətbiq ediləcək.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, yeni əməkhaqqı mexanizmində vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı nəzərə alınacaq.
İlkin səhiyyə xidməti göstərən ailə və sahə həkimlərinin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manatadək artırılacaq. Beləliklə, bu kateqoriya üzrə çalışan həkimlərin maaşında 850 manat və ya 74 faiz artım olacaq.
Təcili tibbi yardım sistemində də əməkhaqqı artımları nəzərdə tutulub. Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində çalışan həkimlərin maaşı 1 550 manatdan 2 200 manata yüksələcək. Tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin əməkhaqqı isə 1 550 manatdan 2 500 manatadək çatdırılacaq.
3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 2 100 manatdan 3 000 manatadək artırılacaq.
İslahatın əsas istiqamətlərindən biri regionlarda həkim çatışmazlığının aradan qaldırılmasıdır. Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla digər şəhər və rayonlarda kadr çatışmazlığının daha çox müşahidə edildiyi ixtisaslar üzrə əlavə stimullaşdırıcı ödənişlər tətbiq olunacaq.
Regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək. Neonatoloqların maaşı 2 400 manat, hemodializ həkimlərinin maaşı isə 2 250 manat olacaq.
Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə çalışan həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manatadək artırılacaq.
Bundan əlavə, regionlarda çalışan həkimlərin fəaliyyət nəticələrinə görə əlavə ödənişlərinə 3 əmsalı tətbiq ediləcək. Bu mexanizmin regionlarda işləyən tibbi mütəxəssislər üçün əlavə maddi stimul yaradacağı gözlənilir.
Ambulator xidmət göstərən həkimlərin ödəniş sistemində də dəyişiklik ediləcək. Pasiyent sayına görə hesablanan kiçik faiz ödənişlərinin əvəzinə aylıq qəbul sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə tətbiq olunacaq.
Yeni sistemdə tibbi xidmətin keyfiyyəti və pasiyent məmnuniyyəti də həkimlərin həvəsləndirici ödənişlərinə təsir göstərəcək. Xidmətin keyfiyyəti yüksək qiymətləndirildikcə həkimin əlavə gəlirinin də artması nəzərdə tutulur.
Baş tibb bacılarının əməkhaqqısında da vəzifə məsuliyyəti və tibb müəssisəsinin kateqoriyası nəzərə alınmaqla fərqli artımlar tətbiq ediləcək. Məsələn, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq maaşı 1 454 manatdan 2 125 manatadək yüksələcək. Bu, 671 manat və ya 46 faiz artım deməkdir.
Orta və kiçik tibb heyəti də yeni əməkhaqqı sisteminin əhatə dairəsinə daxil edilib. 36 041 orta tibb işçisinin aylıq əməkhaqqında orta hesabla 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqında isə 18 faiz artım olacaq.
İslahatın əsas məqsədləri tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması, tibbi peşələrin cəlbediciliyinin artırılması, regionlara həkim axınının stimullaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və pasiyent məmnuniyyətinin artırılmasıdır.
Yeni yanaşma ilə tibb işçisinin peşəkarlığı, məsuliyyəti və iş yükünün əməkhaqqında daha dolğun əks etdirilməsi, eyni zamanda tibbi xidmətin nəticələrinin maddi stimullarla əlaqələndirilməsi nəzərdə tutulur.
İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondunun 189 milyon manat artacağı bildirilir.
