Azərbaycanda ölmüş heyvanların və bioloji tullantıların təhlükəsiz şəkildə utilizasiyası üçün xüsusi müəssisələrin yaradılması təşviq ediləcək.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Dövlət Proqramına əsasən, ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələrin yaradılması ilə bağlı beynəlxalq təcrübə araşdırılacaq.
Eyni zamanda fermerlərin və sahibkarların dünyada tətbiq olunan əsas utilizasiya modelləri barədə məlumatlandırılması məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Yeni yanaşmanın heyvan mənşəli tullantıların idarə olunması, ətraf mühitin qorunması və qida təhlükəsizliyi sahəsində risklərin azaldılmasına xidmət etməsi gözlənilir.
