Deputat Vüqar İskəndərov fermerlərin kabinetlərdə keçirilən qəbullardan daha çox kənd təsərrüfatı sahələrində fəaliyyət göstərməli olduğunu bildirib.
“ilkinxeber.az” informasiya agentliyinin məlumatına görə, deputat bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Vüqar İskəndərov qeyd edib ki, məhsul şəhadətnaməsinin verilməsi ilə bağlı prosedurlar zamanı sənədləşmə həm şəffaf, həm də sadə olmalıdır. Onun sözlərinə görə, bu, fermerlərin qarşılaşa biləcəyi bürokratik əngəllərin qarşısının alınması baxımından vacibdir.
Deputat əlavə edib ki, ilkin mərhələdə kiçik və orta fermerlərə daha çox dəstək göstərilməlidir. O bildirib ki, böyük fermer təsərrüfatlarının kiçik və orta fermerləri kölgədə qoymasına imkan verilməməlidir.
