Goranboy rayonunda sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə ötən gecə rayonun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında qeydə alınıb.
Partlayışdan dərhal sonra Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri, Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə koordinasiyalı şəkildə təxirəsalınmaz tədbirlərə başlayıblar.
Görülən tədbirlər nəticəsində vəziyyət nəzarətə götürülüb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə hadisə ərazisinin yaxınlığında yaşayan insanlar təxliyə olunublar.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.
