İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakıda qadına qarşı zor tətbiq etməkdə təqsirləndirilən Amid Ümidlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
İttihama görə, Amid Ümidli zərərçəkmiş İnarə Əsədovanın boynunu qəsdən sıxıb. Bununla kifayətlənməyən təqsirləndirilən şəxs qadının qol və bud nahiyələrinə yumruqla zərbələr endirib.
Nəticədə İnarə Əsədovanın bədəninin müxtəlif nahiyələrində xəsarətlər yaranıb.
Məhkəmənin hazırlıq iclasında Amid Ümidli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsin maddi ziyanını ödədiyini və İnarə Əsədova ilə barışdığını bildirib. Təqsirləndirilən şəxs cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib.
İnarə Əsədova da məhkəməyə ərizə təqdim edərək Amid Ümidlinin vurduğu maddi ziyanı ödədiyini və tərəflərin barışdığını qeyd edib. O, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək cinayət işinə xitam verilməsini istəyib.
Qeyd edək ki, Amid Ümidlinin anket məlumatlarında onun evli olduğu göstərilib.
