Cəlilabad rayonunda yol tikintisi zamanı qədim yaşayış məskəninə aid olduğu ehtimal edilən arxeoloji tapıntılar üzə çıxıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə rayonun Ağdaş kəndi ərazisində yol çəkilişi aparılarkən qeydə alınıb. İşlər zamanı torpaq qatının altından saxsı qablar və müxtəlif küplər aşkarlanıb.
İlkin məlumata görə, ərazidə iki küp tapılıb. Tarixçilərin ilkin ehtimalına əsasən, bu qablar qədim dövrlərdə məişət məqsədilə istifadə olunub.
Mütəxəssislərin ilkin qiymətləndirməsinə görə, tapıntıların Son Tunc – İlk Dəmir dövrünə aid olması mümkündür. Bu isə ərazidə minilliklər əvvəl yaşayış məskənlərinin mövcud olduğuna dair mühüm göstərici sayıla bilər.
Aşkar edilən arxeoloji materiallarla bağlı aidiyyəti qurumlara məlumat verilib. Ərazidə əlavə araşdırmaların aparılması və tapıntıların dəqiq yaşının müəyyənləşdirilməsi gözlənilir.
Qeyd edək ki, Cəlilabad ərazisində müxtəlif tarixi dövrlərə aid arxeoloji abidələrin və maddi-mədəniyyət nümunələrinin aşkarlanması rayonun qədim yaşayış məskənlərindən biri olduğunu göstərən mühüm faktlardandır.

