2021-ci ildə həbs edilən və daha sonra bəraət alan keçmiş gömrük əməkdaşı M.Ağayev məhkəməyə müraciət edərək kompensasiya və işə bərpa tələbi irəli sürüb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, iddiaçı məhkəmədən ona dəymiş maddi ziyana görə 10 min manat kompensasiya ödənilməsini tələb edib. Lakin məhkəmə maddi ziyanla bağlı tələbi əsaslı hesab etməyib.
Bununla belə, M.Ağayevə mənəvi ziyana görə 5 min manat təzminat ödənilməsi barədə qərar qəbul edilib.
Keçmiş gömrükçü eyni zamanda Bakı Baş Gömrük İdarəsindəki əvvəlki vəzifəsinə bərpa olunmasını da istəyib. Lakin Dövlət Gömrük Komitəsinin nümayəndəsi onun işə qaytarılmasına etiraz edib.
Məhkəmə bu tələbi də təmin etməyib və M.Ağayevin əvvəlki işinə bərpa olunması barədə iddiasını rədd edib.
Qeyd edək ki, M.Ağayev və bir neçə gömrük əməkdaşı 2021-ci ildə prokurorluq orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə gömrükçülərin əksəriyyətinə şərti cəza verilib. Mirağa Ağayevə isə bəraət hökmü çıxarılıb.
