İlkinxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkarlanıb.
DİN-dən verilən məlumata görə, əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 50 yaşlı Mətanət Qaffarova və narkotiklərin qanunsuz dövriyyəsində iştirak edən 25 yaşlı Nurlan Gorodalov saxlanılıblar.
Araşdırmalar zamanı N.Gorodalovun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış keçirilərkən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 72 kiloqrama yaxın marixuana və 5687 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Məlum olub ki, saxlanılan şəxslər narkotik vasitələri ölkə ərazisinə paraplan vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirərək satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb. M.Qaffarova və N.Gorodalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
