Jurnalistika ixtisasına qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanının tarixi açıqlanıb
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 4-də kompüter vasitəsilə keçiriləcək.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzi bildirib ki, III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər 24 iyuldan 27 iyul saat 23:59-dək DİM-in elektron portalında qeydiyyatdan keçməlidirlər. Müsabiqədə iştirak üçün ümumi balın minimum 200, ikinci mərhələ üzrə nəticənin isə ən azı 100 bal olması tələb edilir.
Məlumata əsasən, müəyyən kateqoriyadan olan abituriyentlərin qabiliyyət imtahanında iştirakı dövlət büdcəsi hesabına maliyyələşdiriləcək. Digər namizədlər isə qeydiyyat üçün tələb olunan ödənişi şəxsi kabinetlərindəki hesaba əlavə etməlidirlər.
Qabiliyyət imtahanında iştirakçılar təqdim olunan mövzu üzrə inşa yazacaqlar. Bu ildən etibarən yazı işi ilk dəfə olaraq elektron formada, kompüter vasitəsilə yerinə yetiriləcək. Yenilik abituriyentlərə mətni daha rahat redaktə etmək, fikirlərini oxunaqlı şəkildə təqdim etmək və ayrılmış vaxtdan daha səmərəli istifadə etmək imkanı yaradacaq. Eyni zamanda, qiymətləndirmə prosesində əl yazısının oxunması ilə bağlı çətinliklər aradan qalxacaq və qiymətləndiricilər yalnız məzmuna diqqət yetirəcəklər.
DİM həmçinin imtahan müddətinin 30 dəqiqə artırıldığını açıqlayıb. Beləliklə, abituriyentlərə inşanı yazmaq üçün 3 saat vaxt veriləcək. Bu mərhələni uğurla başa vuran namizədlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını da seçə biləcəklər.
Qabiliyyət imtahanında təqdim olunacaq inşa mövzuları və qiymətləndirmə meyarları ilə DİM-in rəsmi internet səhifəsində tanış olmaq mümkündür.
