İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində sosial şəbəkə platformaları üçün yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı yeni inzibati məsuliyyətlər müəyyənləşir.
İLKİNxeber.azın əldə etdiyi məlumata əsasən, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələrin əlavə edilməsi təklif olunub. Dəyişikliklər Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Təklif edilən yeni qaydalara əsasən, müvafiq qanunun 13 4 13-cü maddəsində nəzərdə tutulan məlumatların aidiyyəti icra hakimiyyəti orqanına vaxtında təqdim edilməməsi, natamam və ya təhrif olunmuş şəkildə verilməsinə görə vəzifəli şəxslər 6 min manatdan 7 min manatadək, hüquqi şəxslər isə 15 min manatdan 20 min manatadək cərimə ediləcək.
Eyni zamanda, qanunun 13 5 5-ci maddəsinə uyğun olaraq göndərilən sorğuların beş iş günü ərzində cavablandırılmaması, yaxud natamam və ya yanlış məlumat verilməsi halında vəzifəli şəxslər 7 min manatdan 8 min manatadək, hüquqi şəxslər isə 25 min manatdan 30 min manatadək cərimə olunacaq.
Dəyişikliklərdə həmçinin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında təhlükəsiz istifadə qaydalarının pozulması da nəzərdə tutulur. Belə ki, fərdi rəqəmsal hesabların yaradılması zamanı qanunda göstərilən texniki və təhlükəsizlik tələblərinin yerinə yetirilməməsi, eləcə də 16 ilə 18 yaş arası istifadəçilər üçün xüsusi qoruma mexanizmlərinin tətbiq olunmaması inzibati məsuliyyət yaradır.
Bundan başqa, bu yaş qrupuna aid istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəf və ləyaqətinə təhlükə yaradan zərərli məzmunların qarşısının alınmaması, həmçinin aşkar edildikdən sonra 24 saat ərzində yayımın dayandırılmaması da cərimə ilə nəticələnəcək.
Eyni zamanda fərdi məlumatların qanunsuz saxlanılması, üçüncü şəxslərə ötürülməsi və ya yaş yoxlanışı istisna olmaqla kommersiya və hədəfli reklam məqsədləri üçün istifadəsi də məsuliyyət doğurur. Yetkinlik yaşına çatmayan şəxslərin əvvəl paylaşdığı məlumatların və hesablarının silinməməsi də qayda pozuntusu kimi qiymətləndiriləcək.
Qanun pozuntularına görə vəzifəli şəxslər 8 min manatdan 9 min manatadək, hüquqi şəxslər isə 35 min manatdan 40 min manatadək cərimə ediləcək.
Eyni xətaların inzibati tənbeh tətbiq olunduqdan sonra bir il ərzində təkrar törədilməsi halında isə cərimələr daha da artırılaraq vəzifəli şəxslər üçün 9 min manatdan 10 min manatadək, hüquqi şəxslər üçün isə 45 min manatdan 50 min manatadək müəyyənləşdirilir.
Qanun layihəsinin qəbul edildiyi halda, sənədin rəsmi dərcindən 12 ay sonra qüvvəyə minəcəyi bildirilir.
