Azərbaycanda vətəndaşları aldadaraq onların adına saxta şirkətlər açmaqda ittiham olunan mütəşəkkil dəstə ifşa olunub.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Baş Prokurorluq tərəfindən aparılan genişmiqyaslı araşdırmalar nəticəsində 10-a yaxın şəxs cinayət məsuliyyətinə cəlb edilib.
İstintaq materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxslər müxtəlif vətəndaşları aldadaraq onların adına VÖEN və hüquqi şəxslər rəsmiləşdirib, daha sonra həmin şirkətlər vasitəsilə şübhəli maliyyə əməliyyatları həyata keçiriblər.
Cinayət işində adı keçən şəxslər arasında “SHARM DİZAYN” MMC-nin rəhbəri Elton Səlimov, “KANARYA.LLD” MMC-nin rəhbəri Çələbi Məmmədov, “ZINAV-LTD” MMC-nin rəhbəri Rövşən Hüseynov və digər şəxslər yer alır.
Zərərçəkənlərdən biri yalnız Dövlət Vergi Xidmətindən bildiriş aldıqdan sonra onun adına açılmış şirkətə görə 55 min manat vergi borcu yarandığını öyrənib. Digər bir vətəndaş isə xaricə səfər etmək istəyərkən ölkədən çıxışına məhdudiyyət qoyulduğunu və adına 40 min manatdan artıq vergi borcu olduğunu müəyyən edib.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin adına açılmış şirkətlər üzrə ümumi dövriyyə 1 milyon manatdan çox olub. Ümumilikdə isə bu qanunsuz sxem nəticəsində külli miqdarda vəsait əldə edildiyi bildirilir.
Faktlarla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində aparılan araşdırmalar çərçivəsində Çələbi Məmmədov və Rövşən Hüseynov da daxil olmaqla bəzi şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə Dövlət Vergi Xidməti zərərçəkmiş tərəf kimi tanınıb.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) və digər maddələri ilə ittiham irəli sürülüb. Qanunvericiliyə əsasən, bu əməllərə görə 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və yaxın vaxtlarda məhkəmə baxışının başlanacağı gözlənilir.
