ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Hacıqabul rayonunda iki nəfərin ölümü, dörd nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər saat 07:30 radələrində Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində, yolun Hacıqabul rayonundan keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Həsən Vəli oğlu Quliyev 90-MK-953 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili idarə edərkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Qəza nəticəsində sürücü Həsən Quliyev və sərnişin Rahidə İmamverdi qızı Abdullayeva həyatını itirib.
Avtomobildə olan digər sərnişinlər 61 yaşlı Xankişi Əliyev, 67 yaşlı Budaq Əliyev, 54 yaşlı Xatirə Əliyeva və 29 yaşlı Turan Əliyeva müxtəlif dərəcəli xəsarətlərlə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlum olub ki, ölən və yaralanan şəxslər Tovuz rayonuna gedirmiş. Həsən Quliyev Sabunçu rayon sakini, digər şəxslər isə Abşeron rayonunun Məmmədli kənd sakinləridir.
Faktla bağlı araşdırma aparılır.
