Zərdab rayonunda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə sentyabrın 8-də saat 23:00 radələrində Zərdab-Ağcabədi avtomobil yolunun Yarməmmədbağı kəndi ərazisində baş verib.
1989-cu il təvəllüdlü Elyar Məhəmmədovun idarə etdiyi “KIA” markalı, 77-BF-554 dövlət qeydiyyat nişanlı avtomobil 1980-ci il təvəllüdlü Vicay Ağayevin idarə etdiyi “Lovol” markalı, 63-TG-062 dövlət qeydiyyat nişanlı traktorla toqquşub. Toqquşmadan sonra minik avtomobilində yanğın baş verib.
Qəza nəticəsində avtomobilin sürücüsü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova həyatını itirib.
Hadisə zamanı 1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova da xəsarət alıb.
TƏBİB-in məlumatına görə, qəza ilə bağlı üç nəfər, o cümlədən bir qadın və iki kişi Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara müxtəlif bədən xəsarətləri diaqnozu qoyulub.
1997-ci il təvəllüdlü qadının vəziyyəti ağır, 1988-ci il təvəllüdlü kişinin vəziyyəti stabil qiymətləndirilir. Hər iki şəxsin müalicəsi xəstəxananın təcili tibbi yardım şöbəsində davam etdirilir.
2020-ci il təvəllüdlü oğlan uşağının vəziyyəti isə ağır olduğundan Bakı şəhərində fəaliyyət göstərən özəl tibb müəssisələrindən birinə təxliyə edilib.
Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı sürücülərə müraciət edərək kənd təsərrüfatı texnikalarının texniki sazlığının, işıq cihazlarının və işıq əksetdirən tanınma vasitələrinin mütəmadi yoxlanılmasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, sürücülər yol və hava şəraitinə uyğun sürət seçməli, təhlükəsiz ara məsafəsi saxlamalı və riskli manevrlərdən çəkinməlidirlər.
