İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Masallı rayon sakini C. Ağayev Astara rayonu ərazisində yerləşən stasionar postda Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, o, “VAZ-2101” markalı avtomobili idarə edib. Sənədlərin yoxlanılması zamanı sürücünün davranışları polis əməkdaşlarında şübhə yaradıb və onun tibbi müayinədən keçirilməsi təmin olunub.
Müayinə nəticəsində C. Ağayevin narkotik vasitə qəbul etdiyi və narkotik sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib.
Məhkəmənin qərarı ilə sürücü 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edib ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə etmək həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Belə hallara yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.
