İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Zəngəzur dəhlizinin açılması və Naxçıvan Sənaye Parkının tam fəaliyyətə başlaması muxtar respublikanın gələcək inkişaf strategiyasının mühüm istiqamətləri kimi qiymətləndirilir.
AzTV-də yayımlanan “Həftə” analitik informasiya verilişinin müəllifi və aparıcısı Rövşən Məmmədov bildirib ki, nəqliyyat kommunikasiyalarının genişləndirilməsi ilə Naxçıvan Sənaye Parkının fəaliyyətə başlamasının eyni dövrə təsadüf etməsi planlı strategiyanın tərkib hissəsidir.
Onun sözlərinə görə, bu proses Naxçıvanın iqtisadi, geosiyasi və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə, muxtar respublikanın uzun illər “blokada” ilə əlaqələndirilən imicinin dəyişməsinə şərait yarada bilər.
Rövşən Məmmədov həmçinin Naxçıvanın zəngin tarixi-mədəni irsinin qorunmasının vacibliyini vurğulayıb. O, tarixi abidələrin bərpası və konservasiyasının regionun gələcək inkişafında xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Bu addımların Naxçıvanın daha geniş logistika imkanlarına, güclü sənaye potensialına və regional iqtisadi əlaqələrə inteqrasiyasına töhfə verəcəyi bildirilir.
