Yaponiyanın Aiti prefekturasında güclü leysan yağışları ikinci gündür davam edir. Naqoya şəhərində yağıntının intensivliyi saatda 104,5 millimetrə çataraq rekord göstərici qeydə alınıb. ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, “Yomiuri” nəşrinin məlumatına görə, güclü yağışlar səbəbindən yerli hakimiyyət orqanları təxminən 2 milyon sakinin təxliyəsi ilə bağlı tədbirlər həyata keçirir. Naqoyanın Sakae rayonunda küçə və yolları su basıb, suyun səviyyəsi bəzi ərazilərdə dizə qədər yüksəlib. Şəhərdə pik saatlarda qatarların, avtobusların və digər ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Naqoya metrosunun fəaliyyəti də müvəqqəti olaraq dayandırılıb. Evlərinə gedə bilməyən sakinlər üçün Naqoya vağzalı yaxınlığında və şəhərin digər ərazilərində müvəqqəti sığınacaqlar təşkil olunub. Yaponiya Meteorologiya Xidməti Şonay çayı ilə bağlı beşinci dərəcəli xüsusi daşqın xəbərdarlığı elan edib. Tübu Regional İnkişaf Bürosunun məlumatına görə, prefektura hökumətinin nəzarətində olan 15 yeraltı keçiddən ikisini su basıb. Hazırda xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.
Yaponiyada daşqın təhlükəsi: Milyonlarla sakin təxliyə edilir
Şərh edilməmiş
- Advertisement -
