Bu gün ustadım Fəxrəddin Salimin doğum günüdür.
Onun haqqında yazmaq mənim üçün asan deyil. Çünki insan illərlə tanıdığı, söhbətlərindən keçdiyi, davranışlarını müşahidə etdiyi bir adam haqqında iki-üç cümlə ilə danışa bilmir. Xüsusilə də həmin adam sizin düşüncənizə təsir edibsə.
Mən Fəxrəddin Salimi təxminən on iki ildir tanıyıram. Bu illər ərzində onu təkcə sənətçi kimi deyil, insan kimi də müşahidə etmişəm. Musiqisini dinləmişəm, söhbətlərinə qulaq asmışam, fikirlərinin necə formalaşdığını görmüşəm. Zaman keçdikcə mənim üçün onun kimliyi bir peşə və ya titul məsələsindən çıxıb.
O, mənim ustadım olub.
Fəxrəddin Salimin dünyasında saz sadəcə musiqi aləti deyil. Söz də sadəcə danışmaq vasitəsi deyil. Onun söhbətlərində insanın özünə qayıtması, özünü sorğulaması, gördüyü ilə həqiqət arasındakı məsafəni anlaması var.
Mən ondan çox şey öyrənmişəm. Amma ən çox öyrəndiyim şey hazır cavabların arxasınca getməməkdir. Çünki hər cavabın içində yeni bir sualın qapısı açılır.
Ustadın təsiri də elə buradan başlayır.
O sənə özünü təkrar etməyi yox, özünü axtarmağı öyrədir.
Fəxrəddin Salim haqqında danışanda onun musiqiçi, ozan, alim, müəllim olduğunu demək mümkündür. Bunların hər biri onun həyatının bir tərəfidir. Amma mənim üçün əsas məsələ onun bütün bu tərəflərin arxasında necə bir düşüncə adamı olmasıdır.
İnsanları zaman göstərir. Sözləri də zaman yoxlayır.
Mən Fəxrəddin Salimi illər ərzində tanıdıqca onun bəzi sözlərinin mənasını həmin anda yox, sonradan anlamışam. Elə fikirlər var ki, deyildiyi vaxt adi görünür. Aradan illər keçir və həmin cümlənin içində nə qədər böyük məna olduğunu başa düşürsən.
Ustadın fərqi də budur.
Onun verdiyi dərs bəzən söhbət vaxtı yox, illər sonra davam edir.
Bu gün onun doğum günündə haqqında böyük sözlər demək istəmirəm. Böyük sözlərin çox vaxt insanın özündən böyük görünmək kimi bir təhlükəsi var.
Mən sadəcə bunu demək istəyirəm.
Həyatımda iz qoymuş adamlardan biri Fəxrədin Salimdir. Onunla söhbətlərim, fikirləri və həyata münasibəti mənim düşüncə dünyamın formalaşmasına təsir edib.
Bunun adı mənim üçün ustadlıqdır.
Ustadım, doğum gününüz mübarək.
Sizə uzun ömür arzulamaqdan daha çox, sözünüzün və sənətinizin uzun illər yaşamasını arzulayıram.
Çünki insan bir gün dünyadan gedir. Amma onun yetişdirdiyi düşüncə, oyatdığı suallar və qoyduğu iz qalır.
İlkin Şakiroğlu – Bir ömrün izi
Şərh edilməmiş
