Azərbaycanda müəyyən kateqoriyadan olan məhkəmə işlərinə hakim tərəfindən təkbaşına baxılması təklif edilir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsində öz əksini tapıb.
Hazırkı qaydalara əsasən, apellyasiya instansiyasında işlərə sədrlik edən hakim və daha iki hakimdən ibarət kollegial tərkibdə baxılır. Kassasiya instansiyasında isə işlərə sədrlik edənin və iki və ya daha çox hakimin iştirakı ilə baxılması nəzərdə tutulur.
Təklif olunan dəyişikliklərə əsasən, işi mahiyyəti üzrə həll etməyən məhkəmə aktlarından verilən apellyasiya şikayətlərinə, eləcə də kiçik iddialar üzrə sadələşdirilmiş icraat çərçivəsində çıxarılmış qətnamələrdən verilən apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxılacaq.
Layihədə bu dəyişikliyin əsas səbəblərindən biri kimi məhkəmələrdə iş yükünün çoxluğu göstərilir. Bildirilir ki, müəyyən kateqoriyadan olan işlərin bir hakim tərəfindən araşdırılması həm vaxta qənaət etməyə, həm də məhkəmələrin daha çevik fəaliyyət göstərməsinə imkan verə bilər.
Bununla yanaşı, Mülki Prosessual Məcəllədə yazılı icraat qaydasında baxılacaq işlərin dairəsinin genişləndirilməsi də təklif olunur. Prosessual müddətlərin bərpası, xarici dövlət məhkəmələrinin qətnamələrinin məcburi icrası və tanınması, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı müəyyən ərizələrin yazılı icraat qaydasında araşdırılması nəzərdə tutulur.
Komitədə müzakirə olunan dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə edilib.
