Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının vəzifədən azad edilməsindən sonra rayonda keçirilmiş antikorrupsiya əməliyyatı ilə bağlı yeni təfərrüatlar məlum olub.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən bir müddət əvvəl Yardımlı rayonunda əməliyyat keçirilib.
Əməliyyat nəticəsində Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazov saxlanılaraq həbs ediliblər.
Onların qanunsuz torpaq satışı ilə bağlı fəaliyyətlərdə şübhəli bilindikləri bildirilir. Hər iki şəxs barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya ilə bağlı ittihamlar irəli sürülüb.
Hazırda fakt üzrə cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.
Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti də təsdiqləyib.
Cinayət işi üzrə istintaq davam etdirilir.
